Ah, qadınlar, qadınlar... - XÜSUSİ REPORTAJ
Ölkə əhalisinin ümumi sayının 50,3 faizini, yəni 4 milyon 772,4 min nəfərini qadınlar təşkil edir. Azərbaycan qadınları cəmiyyətimizin tamhüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Azərbaycanda orta hesabla hər 10 qadın dünyaya 22 uşaq gətirir. Ötən il doğulmuş 172,7 min körpənin 46,4 faizini qızlar təşkil edib. Qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,3 yaş yüksək olaraq 76,6 yaşa bərabərdir.
Azərbaycanda işləyən əhalinin 48,8 faizini qadınlar təşkil edir. Bir qədər konkretləşdirsək, ümumi təhsil müəssisələrində müəllimlərin 76,2 faizi, orta ixtisas təhsil müəssisələrində 77,5 faizi, ali təhsil müəssisələrində 47,2 faizi, həkimlərin isə 64,4 faizi qadındır.
Milli Məclisdə qadın millət vəkillərinin sayı artıb. 1990-cı ildə bütün deputatların 4,3 faizini qadınlar təşkil edirdisə, bu gün bu rəqəm 16 faizə çatıb. Hazırda ölkəmizdə 19 xanım deputat var.
Həmçinin bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki illərə nisbətən son seçkilərdə 5 dəfə artaraq 4194 nəfərə çatıb.
Diqqəti cəlb edən faktlardan biri də sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. 2005-ci ildə onların sayı 2285 nəfər idisə, hazırda bu göstərici 11166 nəfərdir.
Elmin inkişafında da qadınların müstəsna rolu var. Son 5 ildə elmlər doktoru dərəcəsi olan qadınların sayı 1,8 dəfə, fəlsəfə elmləri doktoru dərəcəsi olan qadınların sayı isə 1,6 dəfə artıb. Ölkəmizdə 3 akademik qadın var. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28 faiz, sahibkarlar arasında isə 17 faizdir. İdmanı peşə seçən insanların 39,7 faizi qadınların payına düşür.
Daxili ötən illərlə müqayisədə Daxili İşlər Orqanlarında çalışan xanımların sayı xeyli artıb. Daxili işlər orqanlarının bütün sahələrində təmsil olunan xanımlar 8.4 faiz təşkil edir.
Azərbaycan Silahlı qüvvələrində və digər hüquq-mühafizə orqanlarında onlarla yüksək rütbəli xanımlar xidmət edir. Ümumilikdə bu qurumların hər birində minə yaxın xanım çalışır.
8 mart qadınlar üçün özəl gündür. 94 il öncə qadınların hüquqlarına diqqət çəkmək üçün addım atan Klara Tsetkin yəqin heç təxmin etməzdi ki, məhz bu gündə qadınlar özlərini çox xoşbəxt hiss edəcəklər. Azərbaycan qadını bu gün azaddır, tək ehtiyacı olan diqqətdir ki....