Yuliya Timoşenko müalicəyə başladı

Berlinin "Şarite" klinikasında Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun müalicəsinə başlanılıb. Onun xroniki bel ağrıları ilə əlaqədar əməliyyat olunub-olunmayacağı bazar ertəsi dəqiqləşəcək. Xəstəxananın direktoru Karl Maks Aynhoypl keçirdiyi mətbuat konfransında Yuliya Timoşenkonun səhhəti ilə bağlı məlumat verib. Xəstəxananın rəhbəri Xarkov həbsxanasında bir neçə dəfə Yuliya Timoşenko ilə görüşdüyünü bildirib və deyib ki, sabiq baş nazir 2011-ci ilin oktyabrında fəqərələrarası diskin yerindən tərpənməsindən əziyyət çəkir. "Şarite" klinikasında ötən gün aparılan müayinələr nəticəsində məlum olub ki, problem hələ də davam edir və bu, xəstənin belində və sağ ayağında kəskin ağrılara səbəb olur. Həkimin sözlərinə görə, Yuliya Timoşenko yalnız əlil arabası ilə hərəkət edə bilir. Bu gün həkimlər xəstənin diaqnostikasını davam etdirəcəklər və sonra cərrahiyyə əməliyyatı ilə bağlı qərar veriləcək. Ukraynanın sabiq baş naziri "Şarite"də bir neçə gün qalmalıdır. Hətta, cərrahiyyə əməliyyatı lazım olsa belə, bu, ağır proses deyil və əməliyyat 30-60 dəqiqə çəkir. Əməliyyatdan üç-dörd gün sonra xəstələr evə buraxılır.

 

Müəllif | Apa.Tv