Qəzaya uğrayan təyyarənin izləri tapılıb
Vyetnamın Hərbi Hava Qüvvələri Malayziya hava yollarına məxsus təyyarənin qəzaya uğramasının izlərini tapıblar. Xilasetmə təyyarələri Cənub Çin dənizində yanacaq axması nəticəsində əmələ gələn yağ ləkəsi aşkarlayıblar. Göyərtəsində 227 sərnişin və 12 heyət üzvünün olduğu təyyarənin məhz həmin yerdə qəzaya uğradığı güman olunur. Kuala-Lumpurdan Pekinə uçan və şənbə gününə keçən gecə radarlardan itən təyyarənin axtarışlarında fasilə yaranıb. Qaranlıq düşdüyündən, axtarış əməliyyatının səhər açılandan sonra davam etdirilməsi qərara alınıb. İtən təyyarənin axtarışlarına Malayziya ilə yanaşı, Çin, Vyetnam, Filippin və İndoneziyanın da aviasiyası və gəmiləri cəlb edilib. Yoxa çıxan "Boinq"in sərnişinlərinin yaxınları Kuala-Lumpur və Pekinin hava limanlarında xəbər gözləyirlər. Təyyarənin göyərtəsində 13 ölkənin vətəndaşlarının olduğu bildirilir. Təyyarənin məxsus olduğu hava yolları şirkəti bildirib ki, onu təcrübəli pilot idarə edib. 1981-ci ildən eyni şirkətdə çalışan pilot indiyədək 18 min saatdan çox uçuş həyata keçirib.