SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Qanunsuz parklanmalara qarşı reydlər keçirilir
Bakıda, xüsusilə, mərkəzi küçə və prospektlərdə tıxacların əsas səbəbi yol kənarlarında maşınların park edilməsi göstərilir. Artıq iş günlərində və gündüz saatlarında qanunsuz park edən maşınlara qarşı mübarizə tədbirləri gücləndirilsə də, qeyri-iş günlərində və axşam saatlarında mərkəzi küçələr qanunsuz dayanacaqlara çevrilir. Məsələn, Neftçilər prospekti boyu axşam saatlarında qanunsuz dayanacaqlar yaranır, nəqliyyatın hərəkəti çətinləşir və süni tıxaclar yaşanır. Avtomobillərin qanunsuz şəkildə yol kənarında park edilməsi ilə məşğul olan müəyyən şəxslər var. Onlar bu işin müqabilində sürücülərdən pul alırlar. Hətta, bəzən vəziyyət o həddə çatır ki, maşınlar iki cərgədə dayanır, yolun hərəkət hissəsi zəbt olunur.
Bakının Neftçilər prospektində yeraltı dayanacaq ötən ilin oktyabrında istifadəyə verilib. Bulvara avtomobillərlə gələnlərin sayının çox olması bulvaryanı ərazilərdə tıxaclara və piyadalar üçün təhlükəyə səbəb olduğundan, belə bir dayanacağın tikilməsi zərurəti yaranmışdı. İkimərtəbəli yeraltı avtomobil dayanacağının hər mərtəbəsi 30 min kvadratmetrdir və ya 2 min avtomobil tutumuna malikdir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov APA TV-yə açıqlamasında bildirib ki, bir müddətdir, yol polisi Bakının mərkəzində reydlərə başlayıb. Məqsəd dayanma, durma və parklanmanı qadağan edən nişanların təsir zonasında avtomobillərin park edilməsinin qarşısını almaqdır. Hər gün onlarla avtomobilin sürücüsü inzibati məsuliyyətə cəlb edilir. Vaqif Əsədovun sözlərinə görə, 2015-ci ildə Bakıda 1-ci Avropa Olimpiya Oyunları keçiriləcək və sürücülər qaydalara riayət etməyə indidən alışmalıdırlar. Yol polisinin bölmə rəisi onu da deyib ki, Bakıda qanunsuz parklanmalara qarşı reydlər davam etdiriləcək.