Dağıstanda saxlanılan Müsavat başqanın müavinləri Bakıya qaytarılıb - YENİLƏNİB
Krıma getmək istəyərkən Dağıstan ərazisində saxlanılan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavinləri Arif Hacılı və Gülağa Aslanlı artıq geri, Bakıya qaytarılıblar. Bu barədə APA-ya Mahaçqala Nəqliyyatda Daxili İşlər İdarəsindən bildirilib. İdarədən onların hansı səbəbdən saxlanıldıqları barədə heç nə deyilməyib. Hələlik onların polis idarəsindən buraxılıb-buraxılmadıqları haqda dəqiq məlumat yoxdur.
Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli isə bildirib ki, Arif Hacılı və Gülağa Aslanlı RF-nin Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində polis tərəfindən saxlanılaraq yerli polis idarəsinə aparılıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları Mahaçqala stansiyasında hər iki şəxsi qatardan düşürərək polis idarəsinə aparıblar. Saxlanılmanın səbəbləri ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.