Bu gün Azərbaycanda Teatr Günüdür

 

1873-cü il martın 10-da görkəmli maarifçilər Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin təşəbbüsü ilə M.F.Axundovun "Lənkəran xanının vəziri" əsəri oynanılıb və o gündən Azərbaycanda peşəkar teatrın əsası qoyulub.

Teatrın vətəni qədim Yunanıstan olsa da, yunan dilində “tamaşa yeri” mənasını verən teatr sözü tezliklə bütün dünyaya yayılıb. Teatrı çox sevən yunanlar onu həm də “böyüklər üçün məktəb” adlandırırdılar. Teatr sonralar qədim Romada, Çində, Hindistanda, Yaponiyada yayılıb.

XIX əsrin ikinci yarısından etibarən baş verən ictimai-siyasi hadisələr fonunda Azərbaycanın mədəni həyatındakı dəyişikliklər ənənəvi xalq teatrının peşəkar dünyəvi teatra çevrilməsinə zəmin hazırlayıb. Teatrımız yarandığı gündən Şərq islam aləminin ilk professional teatrı kimi fəaliyyətə başlayıb.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökümət pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək, Dövlət Teatrı yaradıb. 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərləri Dövlət Teatrının təntənəli açılışına qatılıb. 

Sovet hakimiyyəti illərində Azərbaycan teatrı yad ideoloji təsirlərə məruz qalsa da, milli varlığını qoruyub saxlaya bilib.

 

Bu gün respublikada artıq 26 dövlət teatrı fəaliyyət göstərir. Onların repertuarında yerli və xarici dramaturqların ən gözəl əsərləri var.

 

Gününüz mübarək, teatr zəhmətkeşləri!

 

Müəllif | Apa.Tv