Avtomobil sərnişin avtobusuna çırpıldı, ƏR-ARVAD AĞIR YARALANDI
Göygöl rayonunda sərnişin avtobusunun minik maşını ilə toqquşması nəticəsində qəza baş verib. Hadisə nəticəsində 2 nəfər ağır yaralanıb. Qəza Bakı-Qazax avtomagistralının Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Paytaxta doğru hərəkət edən “Mercedes” markalı sərnişin avtobusu Daşkəsəndən Gəncəyə hərəkət edən minik maşını ilə toqquşub. Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsindən APA TV-yə verilən məlumata görə, qəzaya səbəb sərnişin avtobusunu gözləmədən minik maşınının yardımçı yoldan əsas yola çıxmasıdır. APA TV-nin xəbərinə görə, hadisə nəticəsində avtomobildəki sərnişin Daşkəsən rayon sakini Vahid Allahverdiyev və onun həyat yoldaşı Nüşabə Allahverdiyeva Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.