Biləsuvarda dəhşətli qəzada İKİ GƏNC ÖLDÜ
Biləsuvarda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə şəhərin Mübariz İbrahimov küçəsində qeydə alınıb. Biləsuvar rayon sakini, 23 yaşlı Cavid Qubadov idarə etdiyi “VAZ -2107” markalı maşını ilə yolu keçən piyada, Biləsuvar rayon sakini, 17 yaşlı Anar Hüseynovu vurub, sonra isə maşın ağaca çırpılıb. Sürücü qəza yerində ölüb.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada və avtomobildəki sərnişin Müşviq Quliyev Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Anar Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. Sərnişinin vəziyyəti isə stabildir.
İlkin ehtimala görə, qəzanın avtomobilin yüksək sürətlə idarə edilməsi səbəb olub. Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi başlanıb.