Ölüm ayağında olan jurnalistin hekayəti - XÜSUSİ REPORTAJ
Qarabağ müharibəsi veteranı, Kəlbəcərdən olan məcburi köçkün, jurnalist Müslüm Məmmədovun vəziyyəti ağırdır. Bir neçə xəstəlikdən əziyyət çəkən jurnalist kompleks müalicə olunmasa, həyatını itirə bilər.
1972-ci il təvəllüdlü Müslüm Məmmədov O,1991-1994-cü illərdə Kəlbəcər və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Kəlbəcərin işğalından sonra döyüş yoldaşları ilə birlikdə öz postlarını tərk etmədiklərindən 10 gün ermənilərin mühasirəsində qalıb. Sonradan çox çətinliklə mühasirəni yararaq, xilas ola biliblər. Kəlbəcər işğal olunduqdan sonra məcburi köçkün kimi Bakı şəhərində sahəsi 20 kv/m olan kohnə həyət evində ailəsi ilə müvəqqəti məskunlaşıb. Müslüm Məmmədov “Vətəndaş həmrəyliyi”, “Xalq cəbhəsi”, “Üç nöqtə”, “Yeni zaman”, “Vəhdət”, “Neytral”, “Azərbaycan naminə”, “Himayədar” və digər müxtəlif mətbuat orqanlarında işləyib.
Müharibədən ağır vəziyyətdə qayıdan Müslüm Məmmədov uzun müddət xəstə yatıb. Bir neçə ay güclü soyuqdəymədən müalicə alıb. Daha sonra isə vəziyyəti yaxşılaşıb.
Amma 2011-ci ildə həkim səhlənkarlığı onun həyatını tamam dəyişdirib. Jurnalist dişlərini müalicə etdirərkən Hepatit C virusuna yoluxub.
Müslüm Məmmədov APA TV-yə deyib ki, 2011-ci ildə özündə fiziki geriləmə hiss edib: "Həkimə müraciət elədim, məlum oldu ki, diş həkimlərinin məsuliyyətsizliyi ucbatından hepatit C virusuna yoluxmuşam. Bir il qonşu İran dövlətində müalicə aldım. Ancaq heç bir xeyri olmadı. Sonda pnevmaniyaya çevirdi".
Müslüm Məmmədov 7 ildir, işsizdir. Müalicəsi üçün qohumlar maddi yardım göstərir. Anası isə oğlunun bu vəziyyətinə dözə bilmir. Deyir ki, hər gün gözlərinin önündə oğlunun əridiyini görmək dözülməzdir.
Anası Firəngiz Məmmədova hər kəsdən yardım gözləyir: "Mənim balama kömək eləsinlər. İki körpəsi var".
Həkimlər müalicənin Türkiyədə ya da Almaniyada mümkün olduğunu deyiblər. Buna isə ailənin maddi imkanı çatmır.
Qardaşı Dilqəm Məmmədov deyir ki, xəstəyə kompleks müalicə lazımdır: "Çünki qara ciyərdə serroz var, öddə daşlaşma gedir, dalaq iki dəfə böyüyüb. Buna da bizim imkanımız çatmır. Böyük məbləğdə pul lazımdır".
Ölkə rəhbərliyinə müraciət edəb ailənin tək ümidi odur ki, jurnalistin müalicəsi üçün yardım ediləcək, Müslüm Məmmədli sağlamlığına qovuşacaq.