Ömürlük həbs cəzası almış Tuncay Özkan azadlıqda - ERGENEKON

“Ergenekon” cinayət işi çərçivəsində xüsusi səlahiyyətli məhkəmə tərəfindən ömürlük azadlıqdan məhrum edilmiş jurnalist Tuncay Özkan azadlığa buraxılıb. O, yaşadıqlarını jurnalistlər, ailə üzvləri və yaxın dostları ilə bölüşərkən "6 il sonra zülm bitdi, 6 il sonra Türkiyənin indiki vəziyyətinin bitməsini görmək istərdim" deyib.

 

Tuncay Özkan bildirib ki, Türkiyənin hazırkı vəziyyəti çox dramatikdir. Onun sözlərinə görə, indiyə kimi ona qarşı 5 dəfə sui-qəsd olunub. Ən sonunda öldürə bilmədikləri üçün də həbs ediblər. Tuncay Özkan vurğulayıb ki,  Türkiyəni var etmək üçün canından keçən şəxslərin qarşısında baş əyir. Onun sözlərinə görə, Türkiyəyə bir qaranlıq çöküb və bu  qaranlığı Mustafa Kamal Atatürkün aydınlığı ilə yıxacaqlar.

 

APA TV-nin xəbərinə görə, İstanbul 21-ci Ağır Cəza Məhkəməsinin qərarı ilə T.Özkan 1994 gündən sonra azadlığa çıxıb. O, 2008-ci ilin sentyabrında həbs edilib. Məhkəmə T.Özkanla birlikdə Türkiyə Silahlı Qüvvələrinin istefada olan polkovniki Ləvənt Göktaş, tanınmış iş adamı Sədat Peker, akademik Yalçın Küçük, Məhmət Əli Çələbi, Həsən İğsız, Şənər Eruygur, Mərdan Yanardağ və Ələddin Sevimin azadlığa buraxılması barədə qərar qəbul edib.

Müəllif | Apa.Tv