Krımda gərginlik davam edir, CON KERRİ RUSİYAYA SƏFƏRİNİ TƏXİRƏ SALDI
Rusiya prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovla Soçidəki görüşündə Ukrayna böhranının həlli ilə əlaqədar ABŞ-a çatdırılması planlaşdırılan təklifi müzakirə edib.
APA TV-nin xəbərinə görə, martın 16-da Krımın Rusiyaya birləşməsi üçün keçiriləcək referendumla bağlı Rusiya və Qərb ölkələri arasında gərginlik isə durmadan artır. Rusiya bölgədə olan hərbi bazasını daha da gücləndirir. Amerika isə öz növbəsində bölgəyə döyüş gəmilərini göndərir. NATO-ya aid təyyarələr Rumıniya və Polşakı hərbi bazadan qalxaraq əməliyyatla bağlı təlim uçuşları həyata keçirirlər.
Digər yandan ABŞ dövlət katibi Con Kerri Rusiyaya planlaşdırdığı səfəri təxirə salıb. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
C.Kerri Rusiyaya səfərlə bağlı qarşı tərəfə ilkin razılıq versə də, müəyyən səbəblərlə əlaqədar səfərini təxirə salıb. Bu səfərin Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obamanın təşəbbüsü ilə təşkil olunduğu bildirilir.