"Vorovski" dairəsində qəza, AZADLIQ PROSPEKTİNDƏ UZUN TIXAC YARANDI

Bakının Binəqədi rayonu, Azadlıq prospektində iki avtomobil toqquşması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, "90 GJ 651" dövlət nömrə nişanlı "Saipa" markalı avtomobillə, "50 CB 637" nömrəli "VAZ 2107" toqquşub. Qəza nəticəsində sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Eyni zamanda qəza Azadlıq prospektinin "Varovski dairəsi" kimi tanınan hissəsində uzun tıxacın yaranmasına səbəb olub.

Hadisə yerinə Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları gəliblər. Toqquşan avtomobillər evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti normala qayıdıb.
Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsində araşdırma aparılır. İlkin məlumata görə, qəzanın səbəbkarı "Saipa"nın sürücüsü olub. O, gözləmə nişanın tələbinə riayət etməyib.
 

Müəllif | Apa.Tv