“Ergenekon” işindən Sədat Pekər, Doğu Perincək, Şənər Əruyğur azadlıqda!
“Ergenekon” işi üzrə uzun illərdir həbsdə saxlanan şəxslərin böyük əksəriyyəti azadlığa buraxılıb. Məhkəmənin qərarı ilə həbsxanadan buraxılan şəxslər arasında polkovnik Levent Göktaş, Sədat Pekər, vəkil Kamal Kerinçsiz, İbrahim Şahin, Alparslan Arslan, Məhmət Əli Çələbi, sabiq birinci ordu komandanı Həsən İğsız, sabiq Jandarma Kamandanı Şənər Eruyğur, jurnalist Mərdan Yanardağ, Ələddin Sevim, Doğu Perinçek, Müzəffər Təkin, Həsən Atilla Uğur, Hikmət Çiçək də var.
Təqaüddə olan polkovnik Dursun Çiçək və Alparslan Arslan haqqında azadlığa buraxılma qərarı çıxsa da, onlar digər məhkəmə prosesi ilə əlaqədar azad edilməyiblər. Alparslan Arslan hakimə söyüş söydüyü əsas gətirilərək başqa bir maddə ilə mühakimə olunacaq.
“Ergenekon” işi üzrə hələlik həbsdə qalan şəxslər sırasında general Vəli Küçük, Levent Ersöz, Bədri Gültəkin, Sərdar Öztürk, Həsən Ataman Yıldırım və Erkan Önsel də var. Onlar haqqında həbsdən azad edilmə barədə vəsatətlər 3-cü Ağır Cəza Məhkəməsi tərəfindən təmin edilməyib.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin keçmiş baş hərbi qərargah rəisi, istefada olan general İlkər Başbuğ və jurnalist Tuncay Özkan azadlığa buraxılmışdı.