Avropa Birliyi Azərbaycana 5 milyon manat qrant ayırıb
Avropa Birliyi Azərbaycanda demokratiya, insan haqları və regional inkişaf sahəsində layihələrin həyata keçirilməsinə 5 milyon manatdan çox vəsait ayırıb. APA TV-nin xəbərinə görə, Bunu AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib: “Avropa Birliyi Azərbaycanda vətəndaş cəmiyyətinin ən iri xarici donoru olmaqdan və bu yolla ölkənin demokratik inkişafı prosesində Azərbaycanı və onun vətəndaşlarını dəstəkləməkdən qürur duyur”.
AB ümumilikdə 15 layihəni maliyyələşdirəcək. Kənd və regional inkişafla bağlı 7 layihəyə 3 milyon manat ayrılıb. KİV, qadın hüquqları, seçkilərin müşahidəsi və əmlak hüquqları ilə bağlı ictimai məlumatlılığın artırılması və monitorinqlərin keçirilməsini nəzərdə tutan 8 layihəyə isə 2,2 milyon manat ayrılacaq.
AB-nin Azərbaycandakı nümayəndəliyində qrantların təqdimat mərasimi keçirilib.