Ukraynanın müdafiə naziri: "Rusiya Ukrayna sərhədlərinə və Krıma 220 min hərbçi yığıb"
"Hazırda Rusiya Ukraynanın cənub-şərq sərhədlərində və Krımda 220 min nəfər hərbçi cəmləşdirib".
APA TV-nin xəbərinə görə, bunu Ukrayna müdafiə nazirinin səlahiyyətlərini icra edən İqor Tenyux Ali Radada çıxışında deyib. İ. Tenyux bu qüvvələrin sərəncamında 1800 tank, 400-dən çox helikopter, 150 təyyarə və 60-ə yaxın hərbi gəmi olduğunu açıqlayıb.
Ukraynanın baş naziri Arseni Yasenyuk isə çıxışında bildirib ki, Ali Rada Budapeşt Memorandumu əsasında Ukraynanın təhlükəsizliyinə təminat verən dövlətlərə (ABŞ, Böyük Britaniya) müraciət edərək onları Ukraynanı Rusiya təcavüzündən qorumağa çağırmalıdır.
A. Yasenyuk qeyd edib ki, Budapeşt sənədi əsasında öz nüvə statusundan imtina edən Ukrayna hazırda müdafiəsizdir və dişinə qədər silahlanmış nüvə dövləti ilə üz-üzə qalıb: “Əgər siz öz qarantiyanızı yerinə yetirməyəcəksinizsə, onda izah edin görək İranı və ya Şimali Koreyanı nüvə silahından imtina etməyə necə razı salacaqsınız?..”
Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov isə məsələni konkretləşdirərək təminatçı (qarantor) ölkələrə hərbi-texniki kömək üçün müraciət edəcəklərinin vurğulayıb.
Ukraynanın nüvə silahının yayılmaması ilə bağlı Müqaviləyə qoşulması ilə əlaqədar 1994-cü il dekabrın 5-də Budapeştdə Ukrayna, Rusiya, ABŞ və Böyük Britaniya arasında imzalanan Memoranduma əsasən, nüvə dövləti statusundan imtinanın əvəzində Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə rəsmi təminat verilib.