Bakı buxtasına DƏNİZ TAKSİLƏRİ GƏTİRİLƏCƏK
"Yaxın vaxtlarda Bakı buxtasında kiçik dəniz taksiləri fəaliyyət göstərəcək". APA TV-nin xəbərinə görə, bunu Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov deyib. Dəniz taksiləri Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsinədək və əks istiqamətdə xidmət göstərəcək. Taksilərin dayanacağı bulvardakı paraşüt qülləsinin yaxınlığında yerləşəcək: "O, istiqamətdə işlər görülür ki, orada sürətli katerlər buraxılması imkanı olsun. Sürətli katerlər olacağı təqdirdə Nargin adasına 5-8 dəqiqəyə çatmaq olacaq. Təbii ki, bunlar gələcək plandadır".
Qüdrət Qurbanov təklif edilən Bakı-Lənkəran marşrutu üzrə dəniz taksilərinin fəaliyyəti sərfəli olmadığını deyib. Dəniz yolu ilə Lənkərana 6,5 saata çatmaq olar. Bu da həm vaxt, həm də maliyyə baxımından sərfəli deyil. Bakı Həştərxan arasında dəniz yolunun istifadə verilməsinə gəlincə, Qüdrət Qurbanov deyib ki, bəzi səbəblərə görə, bu istiqamətdə məsələ öz həllini tapmırdı: "Ancaq mənə elə gəlir ki, bu yaxın vaxtlarda sezonun açılmasında Rusiya tərəfindən "Kompozitor" Azərbaycan tərəfindən "Qara Qarayev" gəmilərinin bu istiqamətdə istifadə edilməsi məsələsi gündəmdədir".
Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası Dövlət Dəniz Administrasiyasının binasında baş tutub və «Dəniz limanları haqqında» qanun layihəsinin müzakirəsinə həsr olunub.