Enerji içkilərindən istifadə - əhval-ruhiyyə, yoxsa xəstəlik mənbəyi?

Hippokrat deyirdi ki, insan nə yeyirsə, odur. Yəni insanın bədəni yediyi ərzaqdan və içdiyi sudan formalaşır. Biz də bu deyimə əsaslanaraq, sərinləşdirici içkilərdən danışacağıq. Rəngbərəng, diqqətçəkən dəmir qutularda qablaşdırılmış energetik içkilər, xüsusən yay aylarında gənclərimizin diqqətini çəkir. Mütəxəssislərin rəyinə görə, xaricdən Azərbaycana idxal olunan bu içkilərdən istifadə orqanizmə nəinki fayda vermir, hətta ziyan gətirir. Enerji içkiləri istehlak edildikdən sonra insanın əhvalını yaxşılaşdırsa da, bu içkilərin zərəri haqqında müxtəlif məlumatlar var. Enerji içkilərinin insanda asılılıq yaratdığı bildirilir. Onların bəzilərinin bir şüşəsində 505 milliqram kofein mövcuddur ki, bu da kofein zəhərlənməsi üçün ciddi rəqəmdir. Çox miqdarda kofein xüsusilə də təzyiq, ürək problemləri, ritm pozuntusundan əziyyət çəkən insanlarda ürək və yüksək təzyiq böhranlarına səbəb olur. Həkim-qastroenteroloq Anar Salayevin sözlərinə görə, belə içkiləri qəbul edən insanlar sonradan kofein qəbul etmədikdə narahatlıq, əsəbilik, yorğunluq, baş ağrısı kimi hallar keçirirlər. Uşaqlara, hamilə qadınlara, eləcə də ürək fəaliyyəti zəif olan insanlar üçün bu içkilər qəti qadağandır. Tərkibində inozit, kofein olan maddələr və digər aktiv inqridientlər var ki, bunların mənşəyi hələ də məlum deyil, onlar qan təzyiqini artırır. Ürək fəaliyyətini aktivləşdirən bu içkilər sanki gümrahlıq hissi yaradır. Amma bu daha çiddi xəstəliklərə - hipertoniya, ürək aritmiyalarına gətirib çıxarır. Həmsöhbətimiz deyir ki, mədə-bağırsaq xəstəliklərinin yaranmasında energetik içkilərin böyük rolu var. Həkim bildirib ki, aparılan müşahidələrin nəticəsi deməyə əsas verir ki, uzun müddət bu içkilər mədə xoraları, qastrit kimi fəsadlara da yol açır. Bütün bu kimi içkilərin tərkibində qəhvə, asan həzm olunan şəkərlər, karbohidrogen  və tauren deyilən, bilavasitə ürək damar sisteminə təsir göstərən maddələr var. Qəhvə bilavasitə mərkəzi sinir sistemini oyadır. Daha ciddi təhlükə isə bunu bəzən spirtli içkilərlə qarışdırıb istifadə etməkdir. Çünki qəhvənin oyatdığı sinir sistemini spirtli içki dərhal süstləşdirir. Psixoloq Tariyel Faziloğlu APA TV-yə bildirib ki, belə içkilər tərkibində kofein çox olduğu üçün orqanizmdə maye itkisinə gətirib çıxarır və yorğunluqla nəticələnir. Asılılıq kimi vərdiş isə sonradan sinir sistemini pozur. Bu əmək fəaliyyətini, insanın produktivliyini pozaraq, psixoloji gərginliklərlə nəticələnir. Müəyyən müddətdən sonra isə artıq insanlar bu içkilərdən enerji ala bilmirlər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bir çox energetik içkilərin etiketlərində onların tərkibi barədə kifayət qədər məlumat verilmədiyini deyib və bu məsələdə istehlakçıların son dərəcə diqqətli olmalarını tövsiyə edib. Eyyub Hüseynov bildirib ki, sərinləşdirici içkilər insan orqanizmində təbii proseslərin inkişafına əngəl törədir. Elə buna görə də artıq  Standrtlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi məktəb bufetləri üçün standarlar hazırlayıb. Bu standarlar bilavasitə sözügedən içki növlərinin azyaşlı uşaqlara və yeniyetmələrə satışının qarşısını alır. ABŞ alimlərinin araşdırması zamanı məlum olub ki, kofein mərkəzi sinir sisteminə təsir edərək, beyinə gedən və beyindən gələn mesajları sürətləndirir, beləcə adamın daha oyanıq və aktiv olmasını təmin edir. Mayami Universitetindən Steven Lipşultz və araşdırma qrupu, enerji içkiləri ilə əlaqədar istehsalçıların internet saytlarında bu cür içkilərlə əlaqədar verdikləri məlumatları araşdırıblar. Nəticədə bu içkilərin xüsusilə uşaqların və gənclərin sağlamlığına ciddi ziyan vurduğu ortaya çıxıb. Enerji içkiləri sayıqlamaya, yuxusuzluğa, ürək problemlərinə, şəkər xəstəliyinə və ruhi xəstəliklərə yol açır. Araşdırmada həmçinin qeyd edilib ki, bu növ içkilərin heç bir müalicəvi köməyi yoxdur. Bu tip içkilərin qəbulu Fransa, Norveç və Danimarkada qadağan olunub. Qazaxıstan Milli Məclisində isə enerji sularından istifadəyə qadağa qoyulması məsələsi müzakirəyə çıxarılıb. Hansı ölkədə satışına icazə varsa, bu içkinin əks təsir göstəricisi də üzərində yazılıb və qeyd olunub ki, onları 18 yaşadək insanların içməsi qadağandır. Belə içkilər İsveçdə bir çox restoranlarda təqdim edilmir, Norveçdə "dərman" kimi qəbul edilir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib ki, Azərbaycanda qurumun sertifikatlaşdırma orqanları tərəfindən energetik içki adlandırılan, amma normativ sənəddə adı alkoqolsuz içki kimi qeyd olunmuş 5 adda məhsul sertifikatlaşdırılıb. Fazil Talıblı Azərbaycanda satılan energetik içkilərin tərkibi ilə bağlı problemin olmadığını qeyd edib. O əlavə edib ki, komitə tərəfindən aparılmış yoxlamalar zamanı həmin məhsulların mikrobiologiyası, tərkibindəki ağır metallar, kofein və taurenin miqdarı normativ  sənədin tələbinə uyğun gəlib. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı