Generallar VƏLİ KÜÇÜK, LEVENT ERSÖZ VƏ TUNCER KILINC azadlığa buraxıldı
“Ergenekon” işi üzrə haqqında həbs qərarı verilmiş daha bir neçə şəxs Türkiyə Ağır Cəza Məhkəməsinin qərarı azadlığa buraxılıb. Həbsdən azad edilən şəxslər arasında istefada olan general, Dünya Azərbaycanlıları Konqresinin (DAK) keçmiş həmsədri Vəli Küçük də var. Bundan başqa məhkəmə general-mayor Mehmet Eröz, Türkiyə Milli Təhlükəsizlik Şurasının sabiq katibi, ordu generalı Tuncər Kılınc, istefada olan general-leytenant, JİTEM-in sabiq rəhbəri Levent Ersöz, polkovnik Fuad Selvi, vəkil Sərdar Öztürk, İstanbul Universitetinin sabiq rektoru, professor Kamal Ələmdaroğlu, professor Yalçın Küçük, yazıçı, jurnalist Ərgün Poyraz da var.
APA TV-nin xəbərinə görə, bununla da son iki gün ərzində “Ergenekon” adlı terror təşkilatı qurmaq və dövlət çevrilişinə cəhd iddiaları ilə həbs edilmiş, lakin məhkəmənin qərarı ilə azadlığa buraxılan şəxslərin sayı 26-ya çatıb. Məhkəmə eyni iş üzrə polkovnik Dursun Çiçək və Alparslan Arslana da bəraət versə də, onların haqqında digər cinayət işləri olduğuna görə, bu şəxslər həbsxanadan buraxılmayıblar.
Məhkəmənin qərarı ilə “Ergenekon” işi üzrə ittiham olunanların azadlığa buraxılması Türkiyə ictimaiyyətində sevinclə qarşılanıb. Sosial şəbəkələrdə baş verən hadisələr “Türklərin Ergenekondan çıxışı” kimi dəyərləndirilib.