Səfər Əbiyev ehtiyata göndərilib, Dəniz Qüvvələrinin komandanı işdən çıxarılıb
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov vəzifəsindən azad edilib.
Ş. Sultanovun vəzifəsinin icrası Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədova tapşırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.
Bundan başqa, Azərbaycan Müdafiə Nazirliyində çalışmış 7 general Silahlı Qüvvələrin sıralarından ehtiyata göndərilib. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Müdafiə naziri Zakir Həsənov bu barədə əmr imzalayıb. Nazirin əmrinə əsasən, 2013-cü ilin oktyabr ayında vəzifəsindən azad olnmuş sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, Silahlı Qüvvələr Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirov, Müdafiə Nazirliyi Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev, Rabitə İdarəsinin rəisi, general-mayor Fazil Aşumov, Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi, general-mayor Piri İsrafilov, nazirliyin Hərbi Təhsil və Təlim İdarəsində çalışan, keçmiş xüsusi idarə rəisi, general-mayor Elman Qənbərov və Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin sabiq rəisi, tibb xidməti general-mayoru Dağlar Abdullayev ehtiyata göndərilib.
Qeyd edək ki, adları çəkilən generaalların bəziləri bir qədər əvvəl tutduqları vəzifələrdən azad olunmalarına və ya məzuniyyətə göndərilmələrinə baxmayaraq adları Silahlı Qüvvələrin ştatında olub.