HAVA XƏBƏRDARLIĞI: temperatur kəskin düşəcək, qar yağacaq
Martın 13-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında martın 13-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 5-10 dərəcə isti, dağlarda gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Martın 12-si axşamdan 14-ü gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin yüksəlməsi, şimal küləyinin güclənməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.