Səlim Müslümov: PLASTİK KARTLARI NEQATİV HALLARIN QARŞISINI ALMAQ ÜÇÜN DƏYİŞDİRİRİK
"Bu ilin avqust ayına qədər Naxçıvan Muxtar Respublikasının avtomobil zavodunda istehsal olunan 1500 avtomobil ƏƏSMN təhvil veriləcək. 2014-cü ilin ilk yarısında növbədə olan Qarabağ müharibəsi əlilləri avtomobillə təmin olunacaq".
APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov deyib. Nazir bildirib ki, bunun üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayırıb. O ki qaldı mənzil növbəsində olanlara, nazir bunları deyib: "Hazırda 5 ili əhatə edəcək Qarabağ müharibəsi əlilərinin və şəhid ailələrinin mənzil probleminin həllinə dair dövlət proqramı işlənir. Proqram Prezident İlham Əliyevə təqdim olunduqdan sonra, çox qısa zaman kəsiyində mənzil problemi də öz həllini tapacaq".
Nazir plastik kartların dəyişdirlməsindən də danışıb: "Bu addım baş verən neqativ halların qarşısının alınması məqsədi ilə atılıb. Araşdırmalarda məlum olub ki, belə hallar bəzən davam edir. Bununla bağlı artıq banklara da müraciət etmişik. Tam olaraq, məsələnin həlli üçün kartları dəyişdirmək qərarına gəldik, yeni kartlar veriləcək".
Səlim Müslümov Şirvanda vətəndaşları qəbul edib. Şirvan şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında keçirilən görüşə Şirvan şəhərindən və Hacıqabul, Sabirabad, Saatlı rayonlarından olan sakinlər qatılıb.
Ümumilikdə 50 nəfərdən çox vətəndaşın müraciəti dinlənilib.