Nazir: "Tövsiyələr nəzərə alınmasa, başqa ölçülər götürüıəcək"

“Bizim niyyət və məqsədimiz yaxın 3-5 ildə turistlərin sayının 30-40 faiz artımına nail ollmaqdır”.

APA TV-nin xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbulfəs Qarayev söyləyib. Onun sözlərinə görə, 2020-ci ilə qədər Azərbaycana gələn turistlərin sayının 5 milyon nəfərə çatdırılması qarşıya məqsəd qoyulub. Nazir Azərbaycanda hostellərin tikilməsinə də münasibət bildirib: “Yay mövsümündə Azərbaycan sakinləri də xarici ölkələrə gedən turistlər də otellərdə minimum şəraitin olmasını istəyirlər. Hostel elədir ki, bir otaqda 4-6 nəfər qalmaqla ümumi sanitar qovşaqlardan istifadə nəzərdə tutulur. Amma bizə bununla bağlı iki müraciət var. Bununla bağlı bizim etirazımız yoxdur. Amma kütləvi şəkildə belə otellərin Azərbaycanda tikilməsinə üstünlük verməyəcəyik”.

 

Nazir otellərə də xəbərdarlıq edib: "Biz Fövqəladə Hallar Nazirliyi ilə birlikdə otellərdə yoxlamalar aparır, otel sahiblərinə üzə çıxan nöqsanların aradan qaldırılması üçün tövsiyələr veririk. Monitorinqin məqsədi otel sahiblərinə nöqsanların aradan qaldırılması üçün yardım etməkdir. Tövsiyələr nəzərə alınmırsa, o halda başqa ölçülər götürürük. Keçən il 3 otelin lisenziyası alındı. Hazırda bir neçə otelin lisenziyası bitib, yoxlama aparırıq".

 

Nazir bildirib ki, otel sahibləri Avropa Olimpiya Oyunları ilə bağlı Bakıya gələcək idmançıların, turistlərin otellərində yerləşməsini istəyirsə, Avropa Olimpiya Oyunlarına qədər lisenziya almalıdır. Lisenziyasız fəaliyyət göstərən otellər bu imkanlardan istifadə edə bilməyəcək.

 

Müəllif | Apa.Tv