Rəhim Hümbətov: "Azərbaycanlılar Krımı tərk edir"

"Krımı tərk etmək istəyən azərbaycanlılar var. Onların əksəriyyəti Krımda yaşayan, lakin vətəndaşlığı olmayan şəxsdir".

 

Bunu APA TV-yə "Krımın Azərbaycanlı İcması" İctimai birliyinin sədri Rəhim Hümbətov deyib: "Hazırda burada nəqliyyat məsələsi problemdir, təyyarələr uçmur. Amma Bakıya buradan mikroavtobuslar var. Hər gün demək olar ki, insanlar çıxırlar".

 

Diaspor təşkilatının rəhbəri azərbaycanlılara ən azı uşaqları və qadınları Krımdan çıxarmağı məsləhət görür. Rəhim Hümbətovun sözlərinə görə, Krım Ali Radasının yarımadanın müstəqil dövlət olması ilə bağlı qərarından sonra orada vəziyyət daha da gərginləşib. Amma deyir ki, bu gərginlik ərazidə etiraz aksiyalarının keçirilməsi ilə müşahidə olunmur: "Krımda küçələrə çıxmaq olmur. Yalnız qadınlar küçə böyü aksiyalar keçirir, öz etirazlarını bildirir. Geniş aksiyalar keçirilmir. Buna səbəb isə odur ki, insanlar tamamilə haqlı olaraq ,təxribatdan və qan tökülməsindən ehtiyat edirlər".

 

Rəhim Hümbətov Simferopol küçələrində rus silahlı hərbçilərinin olmadığını bildirib: "Əvvəlki günlərdə küçələrdə, ən əsası da strateji obyektlərin ətrafında silahlı hərbçilərdən ibarət dəstələr var idi və onlar həmin binaları mühasirədə saxlayırdı. Amma siz indi Simferopolun küçələrinə çıxsanız, hərbçiləri görməzsiniz. Yaltada ümumiyyətlə, silahlılar gözə dəymir. Hərbçilər indi daha çox Ukrayna hərbi hissələrinin ətrafında dayanır və onları mühasirədə saxlayırlar".

 

Martın 16-na təyin olunmuş referenduma ciddi hazırlığın getdiyini deyən diaspor rəhbəri bütün şəhərlərdə məntəqələrin yaradıldığını, seçki komissiyalarının üzvlərinin, məsul şəxslərin təyin olunduğunu da qeyd edib.  

 

Müəllif | Apa.Tv