Cəbhə bölgələrində gəmiricilər torpaqları "işğal" edib

Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssislərinin apardıqları fitosanitar monitorinqlər zamanı ölkədə 250 min hektar əkin sahəsində siçanabənzər gəmiricilərin məskunlaşdığı müəyyənləşib. Bunun da 15 min hektarında vəziyyət iqtisadi təhlükəlilik dərəcəsinə çatıb. Təhlükəli ərazinin 5 min hektarı Füzuli rayonundadır.

 

APA TV-nin xəbərinə görə, bunu Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Camal Quliyev deyib: "Respublika ərazisində il ərzində 1 milyon hektardan artıq ərazidə fitosanitar monitorinqlər həyata keçirilir. Siçanabənzər gəmiricilərlə yoluxmuş ərazilər kifayət qədər çoxdur. 250 min hektar ərazidə yoxlamalar həyata keçirilib ki, bunlar da təhlükəyə məruz qalan ərazilərdir. 10 min hektar suvarılan ərazidə dondurma suyunun verilməsindən istifadə olunub. Bu zaman kimyəvi dərmanların təsirindən gəmiricilərin ərazilərdə məhv edilməsi mümkün olacaq". 

 

Araşdırmalar zamanı məlum olub ki, sahibkarlar, fermerlər və fərdi əkinçilər torpaq sahələrinin becərilməsində aqro-texniki qaydalara tam riayət etmirlər: "İstehsalçılar nəzərdə saxlamalıdırlar ki, kimyəvi dərmanların kortəbii tətbiqinin vaxtı çoxdan keçib. Yeni üsullardan istifadə etməklə həm iqtisadi cəhətdən gəlir əldən edə bilərlər, həm də məhsulbol olar".  

 

Xüsusilə yaz-yay aylarında çəyirtkəkimilər, payız qış aylarında isə gəmiricilərin ən çox müşahidə olunduğu sahələr təmas xəttinə yaxın ərazilərdədir ki, bu da düşmən nəzarətində olan ərazilərdə fitosanitar tədbirlərin aparılmaması ilə əlaqədardır. Bu fakt təhlükənin həmişə aktual olaraq qalmasına gətirib çıxarır. 

Müəllif | Apa.Tv