Zaqatalada POLİSİ BIÇAQLAYAN GƏNC ÖZÜNƏ XƏSARƏT YETİRDİ
Zaqatalada polis əməkdaşı bıçaqlanıb. Zaqatala Mərkəzi Rayon Xəstəxanasına catdırılan Anar İsa oğlu Zeynalov bədəninin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş bıçaq xəsarəti alıb.
Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Anar Zeynalov Zaqatala RPŞ-nin əməkdaşıdır. Zaqatala RPŞ-nin əməliyyat-axtarış qrupunun əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində polis kapitanı Anar Zeynalovu bıçaqlayaraq, hadisə yerindən qaçan, 1991-ci il təvəllüdlü, Zaqatala şəhər Dağıstan küçəsi ev 14-də yaşayan Ceyhun Camal oğlu Camalov həbs edilərək istintaqa təhvil verilib. Ceyhun Camalovun həbs edilən zaman bıçaqla özünə də xəsarət yetirdiyi bildirilir. İlkin araşdırma zamanı məlum olub ki, Ceyhun Camalov şəhər ərazisində Nərmin adlı qıza söz atıb və onların arasında mübahisə düşüb. Bu zaman ərazidən avtomobillə keçən Anar Zeynalovu görən Nərmin onu köməyə çağırıb. Polis kapitanı Anar Zeynalov Ceyhun və Nərmin arasında olan mübahisəyə müdaxilə edərkən Ceyhun əlindəki bıçaqla polis kapitanına çoxsaylı bıçaq xəsarəti yetirərək hadisə yerindən qaçıb. Fakla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.