"Gəzi" olaylarında yaralanan və 269 gün komada qalan yeniyetmə dəfn edilib

Türkiyənin İstanbul şəhərindəki "Gəzi parkı" hadisələri zamanı yaralanan və 269 gün sonra dünyasını dəyişən Berkin Əlvan dəfn edilib.

 

Dəfn mərasimindən sonra İstanbulda yeni toqquşmalar baş verib. Dəfndən qayıdan bir qrup şəxs polis əməkdaşlarına hücum edib. Ərazidə təhlükəsizlik tədbirləri görən polis əməkdaşları xəbərdarlıqlara məhəl qoymayan qrupu gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək dağıtmağa başlayıb.

 

APA TV-nin xəbərinə görə, ara küçələrə girən aksiya iştirakçıları ilə polis əməkdaşları arasında toqquşmalar burada da davam edib.

 

Taksim meydanındakı Gəzi parkı təhlükəsizlik tədbirləri ilə əlaqədar yenidən bağlanıb. Parka heç kim buraxılmır.

Berkin Əlvanın ölümü Türkiyənin siyasi gündəmini də zəbt edib. Ana müxalifət Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu ötən günkü seçki mitinqlərində bu məsələyə tez-tez toxunub: "Berkini anası çörək almağa göndərib. Təəssüf ki, Berkin evə qayıtmayıb. Onu reanimasiyaya yerləşdiriblər, ailə acı yaşayıb. Zəngin bir ailə deyillər. Atasının doğru-dürst işi belə yoxuydu. Amma o uşağı torpağa verdik. Niyə əcəba?"

 

Türkiyənin ailə və sosial siyasət naziri Ayşənur İslam da Berkin Əlvanın ölümü ilə bağlı sualları cavablandırıb: "Berkinə Allahdan rəhmət diləyirəm. Kədərli ailəsinə başsağlığı verirəm. Bu, bir ailənin yaşaya biləcəyi ən böyük fəlakətdir doğrudan da. Səbr diləyirəm. Bunların olmaması üçün dövlət, hökumət, nazirlik olaraq əlimizdən gələni etdik, edirik, bundan sonra da edəcəyik".

 

Türkiyənin müxtəlif bölglərində Berkin Əlvanın ölümü ilə bağlı etiraz aksiyaları keçirib. Bəzi aksiyalar polis əməkdaşları ilə toqquşmalarla müşayiət olunub.

 

Müəllif | Apa.Tv