Gerhard Şröder: "Rusiya "super güc" statusunu itirib"

“Ukraynada baş verən hadisələr bölgədə sabitliyə ciddi təhlükədir”.

 

APA TV-nin xəbərinə görə, bu sözləri Azərbaycan-Almaniya Xarici Ticarət Palatası tərəfindən Bakıda təşkil olunan mühazirədə çıxışında Almaniyanın keçmiş federal kansleri Gerhard Şröder deyib. O bildirib ki, Krımda yaranmış vəziyyət narahatlıq doğurur: “Hadisələrin daha da gərginləşməsinin qarşısını almaq lazımdır, bu, Rusiya və Ukraynanın marağındadır”.

 

Gerhard Şröderin fikrincə, Ukraynadakı böhran və iqtisadi kollaps təkcə Avropaya yox, qlobal miqyasda neqativ təsirə malik olacaq: “Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll yolu tapmaq vacibdir, o cümlədən bu ölkədə yaşayan milli azlıqların – həm rusların, həm də Krım tatarlarının hüquqlarının müdafiəsi zəruridir”. 

 

Sabiq hökumət başçısının fikrincə, beynəlxalq qurumların boykot edilməsi yanlış yoldur, çünki bu, böhranı daha da dərinləşdirə bilər. O qeyd edib ki, Ukrayna bir tərəfdaş kimi həm siyasi, həm də iqtisadi cəhətdən Rusiyaya və Avropa Birliyinə lazımdır, böhrandan çıxış yolu iki tərəfin də qatılacağı dialoqun aparılmasıdır.

 

Şröderin fikrincə, Rusiya özünün "super güc" statusunu itirib, lakin hələ də istəyir ki, ona bu cür yanaşsınlar.  

Müəllif | Apa.Tv
Elvin Bayramlı