AZƏRBAYCANDA İLK: XI sinif şagirdləri universitetlərə müsabiqəsiz qəbul olunacaq

Azərbaycanda ilk dəfə olaraq, XI sinif şagirdləri diplom almaqla dünyanın nüfuzlu universitetlərinə müsabiqəsiz qəbul olunmaq hüququ qazanacaqlar. APA TV-nin xəbərinə görə, 6 saylı məktəb-liseydə keçirilən Beynəlxalq Bakalavriat Proqramının (BBP) təqdimatında çıxış edən məktəbin direktoru Gülşən Orucova bildirib ki, bu proqram Təhsil və Maliyyə nazirliklərinin dəstəyi ilə 2011-ci ildən 6 nömrəli məktəb-liseydə tətbiq olunur. Proqram çərçivəsində təhsil 3 mərhələyə bölünür.

 

Onun sözlərinə görə, hazırda 6 nömrəli məktəb-liseydə 2011-ci ildən ilkin olaraq, X-XI siniflər DP-diplom proqramı tətbiq olunmağa başlayıb. Bu il proqramın ilk məzunları X-XI sinifləri bitirəcək. Proqramın məzunu olan şəxslər imtahan verəcək. Direktor qeyd edib ki, bu vaxta kimi məktəbdə Beynəlxalq Bakalavriat Proqramı dövlət hesabına pulsuz olaraq həyata keçirilib. Növbəti tədris ilindən bu proqram ödənişli olacaq. Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov bildirib ki, 1968-ci ildə İsveçrədə yaradılmış BBP-nin diplomu hazırda 130-dan çox ölkə və 2500 universitet  tərəfindən tanınır.

 

Təhsil müəssisəsində BBP çərçivəsində bir sıra xarici ölkələrdən gəlmiş müəllimlər də çalışır.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova