“Sovetski”dəki söküntü işləri zamanı tarixi binaların aqibəti necə olacaq?
Hər bir daş abidə mənsub olduğu xalqın tarixinin əvəzolunmaz salnaməsidir. Daş yaddaşımızı nə dərəcədə qoruya, gələcək nəsillərə ötürə biliriksə, bir o qədər tariximizin zənginliyinə və dəqiqliyinə zəmanət veririk. Təəssüflər olsun ki, ayrı-ayrı dövrlərdə bir çox tarixi abidələrimizin zəmanətsiz qaldığı vaxtlar olub. "Sovetski"də yerləşən XIX əsrə aid olan bir sıra tarixi abidələr də "Bayır şəhərin" bir növ tarixi pasportudur. Son günlər paytaxtın mərkəzində bu ərazidə aparılan söküntü işləri bir sıra suallar ortaya çıxarıb. Yaşı 100 ildən artıq olan tarixi binalar, muzeylər, məscidlər, respublikamızda tanınmış ziyalılarımızın ev muzeyləri söküləcəkmi? Artıq Abdulla Şaiq küçəsində söküntülərə başlanılıb və söküntünün bir metrliyində Abdulla Şaiqin ev muzeyi yerləşir. Bu binanın sökülüb-sökülməyəcəyi sual altındadır.
"Abdulla Şaiq 1900-cü ildə Tiflisdən Bakıya köçərək ilk illər anası Mehri xanım və böyük qardaşı Yusif Ziya Talıbzadə ilə İçərişəhərdə kiçik bir mənzildə yaşayıb. 1916-cı ildə Yuxarı Dağlıq - indiki Abdulla Şaiq küçəsində 21 saylı evin II mərtəbəsində beş otaqdan ibarət mənzilə köçüb, orada ömrünün sonuna - 1957-ci ilə qədər yaşayıb. Şairin qələm və sənət dostlarından Nəcəf bəy Vəzirov, Süleyman Sani Axundov, Hüseyn Cavid, Bülbül, Yusif Vəzir Çəmənzəminli, Əhməd Cavad və, Səməd Vurğun bu mənzilin əziz qonaqlarından olublar".
Dünyanın əksər ölkələrində bu kimi yenidənqurma işləri aparılarkən tarixi binalar qorunur. Ekspertlər də hesab edir ki, "Sovetski"nin sokülməsi tarixi abidələrin daha geniş tanıdılmasına köməklik göstərəcək. Belə ki, köhnə uçuq-sökük evlərin arasında itib-batan tarixi abidələri evlər söküldükdən sonra daha aydın görmək mümkün olacaq. Ərazidə salınması nəzərdə tutulan parkda məscidlərin, ev muzeylərinin və ya tarixi binaların olması paytaxta daha çox turist axınına səbəb olacaq. Ölkə ərazisində tarixi memarlıq abidələrinin siyahıya alınmasının hələ sovetlər dönəmində başladığını deyən ekspert Aytəkin İmanova APA TV-yə bildirib ki, ilk belə siyahı hazırlanan zaman "Sovetski"də bir sıra yaşayış evləri tarixi abidə kimi qeydiyyatdan keçib. 2001-ci ildə isə ikinci siyahıya alma zamanı bu abidələrin sayında dəyişikliklər edilib. Bu zaman tarixi XX əsrin ortalarına aid olan binalar siyahıdan çıxarılıb. Yeni siyahı hələlik hazırlanmadığından hansı tarixi binaların və ya muzey və məscidlərin siyahıda olduğunu söyləmək bir qədər çətindir. “Bu siyahı Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən siyahıdır. Siyahını hazırlayan ekspertlər AMEA-nın elmi işçiləri, Memarlıq İnstitutunun işçiləri olub. Azərbaycan qanunvericiliyinə görə, bu siyahıya daxil olan tarixi memarlıq abidəsi hətta qəzalı vəziyyətdə olsa belə həmin siyahıdan çıxarıla bilməz. Abidələr vaxtaşırı arxivlərdə olan fotolar əsasında bərpa olunmalıdır". Ekspert deyib ki, binaların tarixini dəqiqləşdirmək üçün onların üzərində olan yazı və ornamentləri araşdırmaq vacibdir. Bir sıra binaların üzərində olan naxışlar Azərbaycan memarlıq üslubuna aid olan sənət nümunələridir. Daşların üzərində olan günəş və ya müxtəlif heyvan başları, bir sıra milli ornamentlər ölkə ərazisində tapılan qədim abidələrin üzərində əks olunub. "Bakıda neft hasilatına başlandıqdan sonra azərbaycanlı milyonerlər bütün dünyadan Bakıya memarlar gətiriblər. Bu zaman Bakıda bir neçə üslubda binalar tikilməyə başlandı və hər bir memarın adı həmin binaya həkk olundu. Yeni tikilən binalarda bu imzalar yoxdur, hamısı anonim gedir. Bu tarixi binalar sökülsə, Bakı tarixsiz qalır. Buradakı binaların çoxu XIX əsrə aiddir. Lakin onun altında hansı abidələr var, bu hələlik məlum deyil. Çünki tarixdən bilinir ki, Bakı bir neçə qat şəhərdən ibarətdir”.
"Tikilmə tarixi 1980-ci illərə təsadüf edən bu tarixi bina Şəkər bəy adlı iki qardaşın mülkü olub. Həmin qardaşlar 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklərin təqibinə məruz qaldığından ölkəni tərk ediblər. Bu zaman Şəkər bəyin mülkü müsadirə edilərək hökumətin balansına keçib. Binadan əvvəlcə xəstəxana, uşaq evi kimi istifadə olunub, daha sonra yaşayış binasına çevrilib. İllər keçməsinə baxmayaraq bu tarixi bina bu gün də Şəkər bəyin evi kimi tanınır".
Evin hazırkı sahibi ilə görüşdük. Uzun illərdir bu evdə yaşayan Faiq dayı deyir ki, sovet hakimiyyəti illərində binanı bir neçə dəfə sökməyə cəhd etsələr də, bu addımın qarşısı sakinlər tərəfindən alınıb. Sonralar isə söküntüyə fətva verən şəxslərin ermənilər olduğu üzə çıxıb. "Binada bu günə kimi heç bir dəyişiklik olmayıb. Amma 1982-ci ildə bir qrup şəxs bərpa adı ilə gəlib bütün naxışları yonmağa başladılar. Bu zaman bildim ki, onlar ermənidirlər, bizim tariximizi silmək istəyirlər. Biz buna icazə vermədik". Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov isə APA TV-yə bildirib ki, hazırda "Sovetski" ərazisində yerləşən tarixi mədəniyyət abidələrinin siyahıya alınması işləri aparıldığından ərazidəki abidələrin sayı dəqiq məlum deyil. Ümumilikdə ərazidə 230-a qədər tarixi memarlıq abidəsi mövcuddur. O ki qaldı, "Sovetski"də yerləşən ev muzeylərinin söküntüsünə İntiqam Hümbətov bildirib ki, bu məsələ ilə bağlı nazirliyə hər hansı rəsmi və ya şifahi məlumat daxil olmayıb. Hazırda ərazidə yerləşən bütün ev muzeylərinin fəaliyyəti davam edir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də "Sovetski"də yerləşən hər bir tarixi abidəyə ayrıca baxılacağını, hazırda müvafiq siyahıların tərtib olunduğunu bildirib. Nazir müvafiq dövlət orqanları ilə birlikdə ölkə prezidentinin bu istiqamətdə verdiyi tapşırıqların düzgün yerinə yetiriləcəyini də vurğulayıb.
“Üzeyir Hacıbəyovun ev muzeyi də "Sovetski"də yerləşir”. Muzeyin yerləşdiyi ərazinin söküntüsü "Sovetski"nin sökülməsi planlaşdırılan layihənin ikinci mərhələsində həyata keçiriləcək. 1975-ci ildən fəaliyyət göstərən ev muzeyi bir neçə dəfə təmir olunsa da, son əsaslı təmir 2007-ci ildə aparılıb. Muzeyin sökülməsinə gəlincə, Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, söküntüdən söhbət gedə bilməz”.
Bu bizim "Sovetski"də yerləşən çəkib göstərdiyimiz abidələrin bir qismi idi. Adına baxmayın, əslində burada yaşanan və qorunan tarix Sovet dönəminin deyil, daha qədimlərə aid tariximizdir.