Allahşükür Paşazadə: "O insanlar ki, yollarını azıblar..."

"Ölkədə məzhəbçiliyə, təfriqəçiliyə imkan verilməməlidir. Adını vəhhabi, nurçu, sələfi, şiə və ya başqa bir şey qoysun, fərqi yoxdur. Bir adam ki, camaat, xalq içində ayrı-seçkilik, dində iğtişaş salırsa, biz onun əleyhinə çıxış etməliyik və ona imkan yaratmamalıyıq".

APA TV-nin xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Zaqatalada dini icmaların nümayəndələri ilə görüşdə bildirib. Allahşükür Paşazadə din dövlət münasibətlərindən danışıb, dindən şəxsi məqsədlər üçün istifadə cəhdlərinin qarşısını almağı tövsiyə edib. Şeyx bölgədə dini təriqətlərin aktivliyini nəzərə alaraq, din xadimlərini ehtiyatlı olmağa çağırıb: "O insanlar ki, yollarını azıblar, bəlkə də, kimsə onları Allah üçün deyil, din üçün deyil, siyasət üçün yolundan azdırmaq istəyirsə, həmin şəxslərə tövsiyyəm odur ki, səhvlərini başa düşsünlər, tezliklə qayıtsınlar. Onlar azdırlar, azlıq təşkil edirlər. Mən onları din-imana, düzgün yola dəvət edirəm".

Allahşükür Paşazadə rayonda fəaliyyət göstərən mədrəsələrə və məscidlərə dini ədəbiyyatlar paylayıb. Din xadimlərinə bölgədə dini təbliğatı gücləndirməyi və verilən ədəbiyyatların vətəndaşlara paylanmasını tapşırıb. O, Zaqatalada baş verən zəlzələdən zərərçəkən imkansız ailələrə 10 min manat miqdarında yardım edib. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov