Millət vəkili: "Xaricdən gətirilən bitkilər ciddi yoxlanmalıdır"
Milli Məclisin aqrar-siyasət və təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin birgə iclası keçirilib. APA TV-nin xəbərinə görə, iclasda “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi müzakirə olunub. Qanun layihəsi barədə danışan aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, əsas məsələlərdən biri yaşıllıq salınarkən ağacların növü və cinslərinin seçilməsidir. Xüsusilə də yerli ağac növlərinin əkilməsinə üstünlük veriləcək. Millət vəkili Muxtar Babayev isə bildirib ki, paytaxtda yaşıllaşdırmada istifadə olunan və xaricdən gətirilən bitkilər ciddi fitosanitar yoxlamadan keçirilməlidir.
Yaşıllıqların aqrotexniki qulluğunda boşluqların olduğunu diqqətə çatdıran digər millət vəkili Eldar Quliyev bildirib ki, paytaxtda əkilən bitkilər 6 ay müddətində məhv olur. Onun sözlərinə görə, paytaxtda çoxlu palma ağacların əkilməsinə də ehtiyac yoxdur: "Hesab edirəm ki, qanun qəbul ediləndən sonra təkcə yaşlılar yox gəncələrində üzərinə məsuliyyət düşür. Yaşıllıqların qorunması üçün məktəblərdə, texnikomlarda, universitetlərdə müəyyən təkilflər verilməlidir".
Qanun layihəsində mövcud 14 maddədə 40 - dan çox dəyişiklik edilib. Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.