Ermənilər Ağdamda dəfnə gedən sakinləri atəşə tutublar

Ermənilər Ağdamın cəbhə kəndində dəfnə gedən dinc sakinləri atəşə tutub. APA TV-nin xəbərinə görə, bu barədə təmas xəttində yerləşən Mirəşelli kənd sakinləri məlumat veriblər. Kəndin daxil olduğu Əhmədağalı Bələdiyyəsinin sədri Habil Abbasov faktı təsdiqləyib. Onun sözlərinə görə, ötən gün dünyasını dəyişən Quliyev Novruz Əli oğlunun dəfn mərasimi zamanı düşmən hərbiçiləri adamlara atəş açıblar. Bir müddət  daldalanmağa məcbur olan sakinlər mərhumu torpağa tapşıra biliblər. Amma bu cür hallar demək olar ki, burada hər gün baş verir.

Qəbiristan təmas xəttinin lap yaxınlığında yerləşdiyindən düşmən mövqelərindən aydın görünür. Burada insanlar dəfələrlə atəşə məruz qalıblar. Nəticədə yaralanan da olub, həyatını itirən də.

Ermənilər təkcə qəbiristanlığı deyil, təsərrüfat işləri ilə məşğul olan sakinləri də intensiv atəşə tutur.

Müəllif | Apa.Tv