Azərbaycanlı qadının ÜÇƏMLƏRİ İRANDA XƏSTƏXANADA GİROV SAXLANILIR

Azərbaycanlı ailə İranda xəstəxanadan buraxılmır. Rəşt şəhərinin Həzrəti Qaim Xəstəxanasında Azərbaycan vətəndaşı Günay Həsənovanın dünyaya gətirdiyi üçəmlər xəstəxanada girov saxlanılır. Səbəb isə ailənin xəstəxananın borclarını tam ödəməməsidir.

G.Həsənovanın anası Fatimə Ağayeva APA TV-yə deyib ki, qızı ailə qurandan 10 il sonra ana olub: "Uşağı olmurdu. Azərbaycanda, Türkiyədə müalicə olundu, alınmadı İrana gəldi, buradakı müalicə kömək etdi. Sonra qızımın halı pisləşdi. Mən həkiminə zəng etdim, dedi, təcili gətirin. Uşaqlar 6 ay yarımlıq dünya gəldilər. Qızı, həm də uşaqları zorla qurtardılar".

İki oğul bir qızı dünyaya gələn ailə kömək üçün Azərbaycanın İrandakı səfirliyinə dəfələrlə müraciət edib: "Br aydır, Rəştin küçələrində qalmışıq. Nə qədərini ödəmişik, 7 min manat qalıb. Uşaqları özümüzə vermirlər. Hər şeyimizi satmışıq. Ödəyə bilmirəm. Qızım hər gün ağlayır. Uşaqların üzünə baxa bilmirəm".

Məsələ ilə bağlı Azərbaycanın İranda səfirliyi ilə əlaqə saxladıq. Səfirlikdən APA TV-yə bildiriblər ki, ailə kömək üçün onlara müraciət edib. Səfirlik xəstəxanaya Həsənovlar ailəsinə güzəşt olunmasını xahiş ediblər. Xəstəxanadan bildiriblər ki, uşaqlar yalnız borc tam ödənildikdən sonra ailəyə təhvil verilə bilər.

Müəllif | Apa.Tv