Qaradağda “Toyota” sərnişin avtobusu ilə toqquşub, hər iki maşın kanala düşüb
Bakının Qaradağ rayonunda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə Xocahəsən qəsəbəsi ərazisində qeydə alınıb. Avtovağzaldan Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan "90 HR 352" dövlət nömrə nişanlı "Toyota Prado" markalı avtomobil magistral yolda qoşa xəttin tələbinə məhəl qoymayaraq dönmək istəyərkən qarşı tərəfdən gələn "10 TE 932" nömrəli "Daewoo" markalı marşrut avtobusu ilə toqquşub. Zərbə güclü olduğundan hər iki avtomobil yolun kənarında olan su kanalına düşüb. "Toyota Prado"nun sürücüsü avtomobilin ön şüşəsindən çıxaraq kanala düşüb. Onun meyiti ətrafdakı insanlar tərəfindən kanaldan çıxarılıb. Avtobusun sürücüsü və bir neçə sərnişin ağır bədən xəsarətləri ilə 1 saylı şəhər kilinik xəstəxanasına çatdırılıblar.
Hadisə yerinə Dövlət Yol Polisinin Qaradağ Rayon Şöbəsinin əməkdaşları gəlib. Hər iki avtomobil su kanalından çıxarılaraq evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıblar.