Masallıda 4 "VAZ" toqquşdu

Masallıda iki nəfərin yaralanması ilə nəticələnən zəncirvari yol qəzası baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Boradigah şose yolunun Mahmudavar kəndindən keçən hissəsində qeydə alınıb. Masallının Bədələn kənd sakini, 1989-cu il təvəllüdlü Habil Oruc oğlu Babayevin idarə etdiyi “VAZ-2106” markalı  avtomobil hərəkətdə olarkən rayonun Mahmudavar kənd sakini, 1936-cı il təvəllüdlü Əbdülrəhim Fərman oğlu Cəbiyevin idarə etdiyi “VAZ-2107”  ilə toqquşub. Güclü zərbənin təsirindən hər iki avtomobil hərəkət zolağından çıxaraq, rayonun Bədələn kənd sakini, 1992-ci il təvəllüdlü Fariz Xanhüseyn oğlu Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. “VAZ-2107” markalı avtomobil isə yolun kənarında dayanmış rayonun Mahmudavar kənd sakini, 1990-cı il təvəllüdlü Röyal Gülmirzə oğlu Kərimova məxsus “VAZ-2106”a çırpılıb. Nəticədə hər dörd avtomobilə ciddi ziyan dəyib, həmçinin birinci avtomobilin sürücüsü Habil Babayev və onun yanındakı sərnişin, rayonun Bədəlan kənd sakini İxtiyar Bəxtiyar oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Qəza zamanı şose yolda nəqliyyat vasitələrinin hərəkəti 1 saata yaxın məhdudlaşıb. Yol polisi əməkdaşlarının hadisə yerinə gəlməsi ilə gərginlik aradan qaldırılıb.

 

İlkin versiya kimi qəzanın avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə avto ekspertizanın nəticələrindən sonra bəlli olacaq.

 

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv