Səlim Müslümov: "KADR İSLAHATLARI DAVAM EDƏCƏK"
"Rəhbərlik etdiyim nazirlikdə kadr islahatları bundan sonra da davam edəcək".
APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, müasir standartlara cavab verən, islahatlara uyğun gələn şəxslər müvafiq vəzifələr tutacaqlar. Nazir bildirib ki, elektron qeydiyyat sisteminin proqram təminatının tam işlənməsi prosesi başa çatıb və əmək kitabçaları bu ilin sonuna kimi ləğv olunacaq: "Yaxın günlərdə həmin proqram ictimaiyyətə təqdim ediləcək və ondan sonra onun birbaşa tətbiqinə başlanılacaq. Hesab edirəm ki, bu proses tam həyata keçirildikdən sonra əmək kitabçaları daşıdıqları informasiyalara görə hər hansı bir funksiyanı yerinə yetirməyəcəklər. İşləyən hər bir şəxs barədə bütün məlumatlar elektron informasiya bazasında olacaq".
Nazir qeyd edib ki, sosial kartlar yeniləri ilə əvəzlənəcək. Bunun üçün ünvanlı sosial yardımların plastik kartlarla verilməsi üçün bank kartlarının hazırlanması ilə bağlı açıq tender də elan olunub və bu prosesdə bütün banklar iştirak edəcək: "Bunun səbəbi var idi. Vaxtı ilə biz əhalinin sosial müdafiəsi mərkəzlərinə xəbərdarlıq etdik ki, 3 ay ərzində özümüzdə olan əhalinin kartları sahiblərinə təhvil verilsin. Lakin gələn şikayətlər göstərir ki, hələ də bu proses – kartların sahiblərindən gizlədilməsi davam edir. Bunun aradan qaldırılması üçün yeni tenderin həyata keçirilməsi və köhnə kartların yenilənməsi zəruridir".
Səlim Müslümov həmçinin bildirib ki, nazirliyin sosial təminat siyasəti şöbəsinin müdiri vəzifəsinə bütün müsabiqələrdən keçmiş Səbinə Cəfərova təyin olunacaq.