İrandan 24 kq narkotik gətirilməsinin qarşısı alınıb
Külli miqdarda narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycana qanunsuz daşınmasının qarşısı alınıb.
Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən APA TV-yə bildirilib ki, nazirliyin keçirdiyi əməliyyat tədbirləri nəticəsində ümumilikdə 24 kiloqrama yaxın narkotik tutulub, 9 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda 10 kiloqramdan artıq heroin, 11 kiloqram 881 qram tiryək, 1 kiloqram 446 qram həşiş və təxminən 20 qram sintetik narkotik vasitə olan metanfetamin aşkarlanıb.
Bütün faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb. Azərbaycan vətəndaşları - Hüseynov Şahüseyn Sərxan oğlu, Qənbərov İlkin Bəyəli oğlu, Haqverdiyev Vasif Abbas oğlu, Dadaşov İlqar Xanhüseyn oğlu, Həsənov Həsən Turab oğlu, Əliyev Elşən İslam oğlu, İbadov Rahid İbad oğlu, Amanov Vüqar Balaş oğlu və Əliyev Ehtiram Dədəkişi oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.