Astarada mal-qara oğrusu ələ keçdi
Astara Rayon Polis Şöbəsinin (RPŞ) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şüvi kəndi ərazisindəki örüş sahəsindən 1 baş iribuynuzlu mal-qaranı oğurlayan şəxs yaxalanıb. Rayon Polis Şöbəsinin müstəntiqi Bəhruz Qulamovun APA TV-nin cənub bürosuna verdiyi məlumata görə, rayonun Şüvi kənd sakini, 1981-ci il təvəllüdlü Fərman Nəriman oğlu Abdullayev polis şöbəsinə ərizə ilə müraciət edərək, kənd ərazisindəki örüş yerindən ona məxsus 1 baş iribuynuzl heyvanının oğurlandığını bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri sayəsində həmin oğurluq faktının rayonun Pəlikeş kənd sakini, 1969-cu il təvəllüdlü Malik Məmmədağa oğlu Nabatov tərəfindən törədildiyi müəyyənləşdirilib: "Şübhəli şəxs qismində saxlansa da, məhkəmə barəsində həbs-qətimkan tədbiri seçməyib. Lakin polisin nəzarətində olacaq".
Faktla bağlı Astara RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.