Müdafiə naziri: "Əsgərlərimizi xidmətə aid olmayan işlərdən azad etməyə çalışırıq "
"Azərbaycan Silahlı Qüvvələrində mülki şəxslərin sayının artırılması istiqamətində işlər aparılır. Məqsəd ilk növbədə ordunu müasir ordulara uyğunlaşdırmaqdır".
APA TV-nin xəbərinə görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib. Nazir bildirib ki, NATO ordularında mülki işçilərdən geniş istifadə edilir: "Çalışırıq ki, əsgərlərimizi xidmətə aid olmayan işlərdən azad edək. Bu, çox mühüm məsələdir, Ali Baş Komandanın tapşırığıdır. Biz bunu həyata keçirəndən sonra nizam-intizamı daha da gücləndirəcək, hərbi qulluqçuların döyüş hazırlığına daha çox vaxt ayıracağıq".
Ordu quruculuğundakı islahatlardan danışan müdafiə naziri bildirib ki, bu istiqamətdə tədbirlər davam etdiriləcək: "Yeni müasir silahlar, yeni müasir avadanlıqlar orduya daxil olur. Bunların əsgər və zabitlər tərəfindən istifadə edilməsi üçün müxtəlif tədbirlər həyata keçirmək lazımdır. Bu istiqamətdə işlərimizi davam etdiririk. Ali Baş Komandan ordu quruculuğu ilə bağlı mühüm tapşırıqlar verib, həmin tapşırıqlar hazırda icra olunur”.
Zakir Həsənov deyib ki, Azərbaycan Silahlı Qqüvvələrin kadr hazırlığı yüksək səviyyədə həyata keçirilir. O bildirib ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yüksək səviyyəli kadrların hazırlanması istiqamətində tədbirlər görülməsi nəzərdə tutulur.