Qüdrət Həsənquliyev: "İctimai TV AzTV-yə çevrilib"
Hökumətin Milli Məclisdə hesabatı dinlənilərkən millət vəkili İlyas İsmayılovla parlamentin sədri Oqtay Əsədov arasında mübahisə yaranıb. Deputat İlyas İsmayılov hökumətin illik fəaliyyətini tənqid edib və müxtəlif iradlarını bildirib. Çıxışından sonra deputata cavab verən spiker Oqtay Əsədov ona irad tutub.
APA TV-nin xəbərinə görə, millət vəkili Qüdrət Həsənquliyev isə İctimai TV-nin son dövrdəki fəaliyyətinə ciddi irad tutub. O, ölkədə dini maarifləndirmə məsələsinə toxunaraq İctimai TV-dən narazılığını bildirib: "Son vaxtlar İctimai TV AzTv-yə çevrilib. Əvvəllər yenə yaxşı idi. Maraqlı, maarifləndirici verilişlər olurdu. Son vaxtlar İctimai TV-ni AzTV-nin bir hissəsinə çeviriblər. Buna nə ehtiyac var? Onsuz da AzTV kimi dövlət kanalımız var, daha İctimai TV-yə nə ehtiyac? Bu TV-nin işi ictimai maarifləndirmə işi aparmaq idi”.
Çıxışında səhiyyə sahəsinə də toxunan deputat bildirib ki, insanların bir çoxu müalicə üçün xarici ölkələrə gedir, sonra virus daşıyıcısı kimi ölkəyə qayıdır. Hazırda Azərbaycanda əhalinin 10 faizi Hepatit C xəstəsidir. Bu isə çox böyük rəqəmdir. Müzakirələrdən sonra hesabat səsə qoyularaq, qəbul olunub. Daha sonra cinayət məcəlləsində, cinayət-prosessual məcəlləsində, "Terrorçuluğa qarşı mübarizə haqqında" qanunda dəyişikliklər edilib. Dəyişikliyə əsasən ölkə hüdudlarından kənar silahlı münaqişələrdə iştirak etməyə görə cəzalar sərtləşdirilib, dini zəmində cinayət halları üzrə istintaqın aparılması səlahiyyətləri prokurorluq orqanlarından alınıb. Layihələr səsə qoyularaq, qəbul olunub.