Artıq çəkidən xilas olmaq, sağlam qalmaq üçün necə qidalanmalıyıq? - MÜTƏXƏSSİS RƏYİ

Dünyada  hər zaman aktual mövzulardan biri sağlam qidalanma və yemək rejiminə nəzarət olub. Sağlam qidalanma insan həyatında ən mühüm məsələdir. Yediyimiz yeməklər birbaşa orqanizmimizə və ruhumuza təsir edir. Həm zehni, həm də fiziki sağlamlıq üçün düzgün qidalanmaq lazımdır. Unutmamaq lazımdır ki, hər şeyi qədərində istifadə etmək yararlıdır. Dietoloq Leyla Zülfüqarova APA TV-yə bildirib ki, həddən artıq yemək bir çox xəstəliyə gətirib çıxarır. Bu, bir növ yük daşımağa bənzəyir. Mədə-bağırsaq sistemi də normadan artıq yükləndikdə ümumən insan orqanizmi sağalmaz xəstəliklərə məruz qala bilər: "Hər gün orta qidalanmalı və balanslaşmış qida rejiminə əməl etməliyik. Gün ərzində insan orqanizminin ehtiyac olduğu maddələr çoxdur. Buna karbohidratlar, zülallar, yağ turşuları, su, minerallar, vitaminlər, mikroelementlər və s. aiddir. Züllalar gündəlik qida qəbulumuzun ən çox faizini təşkil etməlidir. Çiy tərəvəzlər, meyvələr qida rasionumuza daxil edilməlidir. Bunlar çeyneyerek, udulmalıdır. Yemek yeyərkən yavaş yemək lazımdır. Çünki tələsik qida qəbulu həzm prosesini məhv edir. Maye qəbuluna üstünlük verilməlidir".

 

Leyla Zülfüqarova deyib ki, təbii üsulla yetişdirilmiş məhsullara üstünlük vermək lazımdır. Süni şəraitdə yetişdirilən və konservləşdirilmiş qidalarda vitamin və minerallar demək olar ki, olmur. Belə qidalar orqanizm üçün təhlükə mənbəyinə çevrilir. Dietoloqun sözlərinə görə, sağlam qidalanmaq üçün duz, ağ şəkər, ağ un və ağ undan bişmiş bütün xəmir məmulatları və s. minimum dərəcəyə enməlidir. Əgər bu üç "ağ"dan özümüzü qoruya bilsək daha çox sağlam qala bilərik və çəki yığmaq kimi problemlərimiz, bir sıra xəstəliyimiz yaranmaz: "Pəhriz zamanı itirdiyimiz enerjinin bərpası, istənilən çəkiyə sahib olduqdan sonra onun stabil saxlanılması üçün yulafdan istifadəyə üstünlük verilməlidir. Yulaf yağsız süddə və suda hazırlana bilər. Gündə bir dəfə səhər yulaf və yaxud paxlalılar sinfinə daxil olan qidaları qəbul etmək tükənməz enerji verir, sağlamlığı qoruyur".

 

Mövzuya  nevrpotoloq  Lalə Hüseynovanın da baxışı eynidir. Onun  fikrincə, normadan artıq qidalanma orqanizm üçün təhlükə mənbəyidir. Bundan əlavə, Lalə Hüseynova bildirib ki, bədənimizdə dəqiqədə 10 milyon hüceyrə ölür və bir o qədəri də yenilənir. Orta hesabla 100 gündə bütün bədənimiz yenilənir. Nizamsız, yanlış qidalanma yenilənmə sistemini pozur. Dərimiz canlılığını, təravətliliyini itirir və ən vacibi bədənin xəstəliklərə qarşı müqavimət gücü azalır. Tez yorulma, baş ağrısı da olmaqla düşüncə və yaddaş sistemi zəifləyir: "İdman, üzgüçülük insan sağlamlığının qorunmasına vacib faktordur. Siqaret çəkmək və spirtli içkilərin qəbulu isə məsləhət deyil. Eyni zamanda çox yemek yox, az-az və tez-tez qidalanmaq insanı kənar amillərdən qoruyur. Hər bir insan sağlamlığı üçün nə yediyinə diqqət etməlidrir".

 

Lalə Hüseynova qeyd edib ki, sağlamlıq üçün səhər və axşam vaxtı ən azı bir saat gəzinti lazımdır. Oturaq işdə çalışanlar fiziki məşqlər etməlidirlər. Dincəlmək çox vacibdir. Normal yuxu rejimi olmalı, kontras duş qəbul edilməlidir. Kontras duş isti və soyuq suyun bir-birini əvəzləməsidir. Bu sinir uclarını qıcıqlandırır, əsəbləri sakitləşdirir və gümrahlıq gətirir. Psixologiya və Konsultasiya Mərkəzinin aparıcı mütəxəssisi  Babək Bayramov isə deyib ki, insan sağlam qidalanmanı hədəf kimi qarşısına qoymalıdır. Hər bir pasiyentin öz çəkisini azaltmaq arzusu var. Çəkinin azaldılması proqramını başlamağa insanı sövq edən səbəbdən asılı olmayaraq, qarşıya real məqsədlər qoymaq lazımdır. Önəmli olan odur ki, insan dəyişmək istədiyini dərk etsin. Bəzən isə insanın bu dəyişiməyə ehtiyacı olur, istəyi isə yox.  Bu zaman yenə hədəf gerçəkləşməyəcək. "İnsanları artıq çəki problemi ilə üz-üzə qoyan başlıca amil  stressdir. İnsan bir sahədə doyuma çatmadıqda, onu başqa bir sahədə axtarır. Stress keçirən isan itirdiyi enerjinin yerini yeməkle izafi edir. Bundan da böyük zövq alır. Bəzən iş görüşmələri yemək masası ətrafında başlayır. Çünki insanlar yeməkdən aldıqları zövqü işə transfer edəcəklərini düşünürlər. Əslində isə insan çox zaman ac olduqları üçün yemirlər".

 

Müsahiblərimin qənaətinə görə, günə səhər yeməyi ilə başlamaq vacib şərtdir. Gecə boyunca qida qəbulu olmadığından beyninizin səhər oyandıqda böyük enerjiyə ehtiyacı olur. Qidaları əvvəlcədən təyin etmək lazımdır. Qidaları 3 əsas və 3 ara yemək zamanı olmaqla bölüb qruplaşdırmaq, az və tez-tez qidalanmaq lazımdır. Bolluca su içmək, yeməyi yaxşıca çeynəmək şərtdir. Hər yemək yeyəndə mədənizin 1/3-nü boş saxlamaq vacibdir. Tam olaraq, dolu mədə sağlamlığımızın bir müddət sonra pozulmasına, erkən qocalmaya səbəb olur. Mədəmizi quru yeməklərlə doldurmaq olmaz. Qatı qidalarla dolu mədənin öz suyunu hər tərəfə lazımi qədər bərabər səviyyədə çatdırması çətinləşir və bu zaman bilavasitə  həzm etmə çətinləşir. Nizamlı yemək yeyənlər daha balanslı və sağlam qidalandıqları üçün ideal çəkilərini qorumağa müvəffəq olurlar.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı