Krım türklərinin lideri: "BMT Krıma sülhməramlılarını göndərsin"
Krım türklərinin lideri Mustafa Cəmil Krımoğlu Brusseldə görüşlər keçirib. APA TV-nin məlumata görə, o, NATO baş kaiibinin müavini Aleksandr Verşbou, Avropa İttifaqının diplomatik xidmətinin baş katibi Pyer Vimon və quruma daxil olan ölkələrin səfirləri ilə görüşüb.
Görüşlərdən sonra Türkiyənin "Anadolu" agentliyinə müsahibə verən Mustafa Cəmil Krımoğlu bildirib ki, bir dövlətin inzibati ərazisinin başqa ölkəyə birləşməklə bağlı referendum keçirməsi legitim deyil və məntiqsizdir:"Biz bu referenduma qatılmayacağıq. Krım tatarlarına bununla bağlı çağırış etmişik. Təkcə tatarlar yox, ukraynalılar və rusların da böyük hissəsi bunun məntiqsiz olduğunun fərqindədir".
Krım türklərinin lideri onu da deyib ki, referendumun nəticəsinin necə olacağı indidən məlumdur. Onun sözlərinə görə, Krım Muxtar Respublikasının faktiki rəhbərliyi referendumun nəticələrinin necə yazılması ilə bağlı müzakirələr aparır. Mustafa Cəmil Krımoğlu krım tatarlarının beynəlxalq ictimaiyyətdən istəyini də açıqlayıb: "Bizim istəyimiz Krıma BMT sülhməramlılarının girməsidir"
Mustafa Cəmil Krımoğlunun fikrincə, Rusiyanın Ukraynaya hərbi müdaxiləni rüsdilli əhalinin hüquqlarının qorunması ilə əsaslandırması rusların yaşadığı digər ölkələr üçün də təhlükədir və bu ölkələr də indidən hərəkətə keçməlidirlər.