Masallıda gənc və yeniyetmələrdən ibarət dəstə yaxalanıb
Masallı polisi bir neçə gün öncə baş vermiş oğurluq faktının üstünü açıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, Masallı şəhər sakini Mirzəbi Qurbanov polis şöbəsinə ərizə ilə müraciət edərək şəhərin Heydər Əliyev küçəsində ona məxsus məişət avadanlıqları mağazasından naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edildiyini bildirib. Masallı polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri sayəsində oğurluqda şübhəli bilinən Masallı şəhər sakini, 19 yaşlı Allahqulu Firdovsi oğlu Mehdiyev yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Polisə verdiyi ilkin ifadəsində Allahqulu Mehdiyev təqsirini boynuna alaraq, oğurluğu Masallı şəhər sakinləri - yetkinlik yaşına çatmamış 1997-ci il təvəllüdlü Orxan Şirvan oğlu Həsənov və 1998-ci il təvəllüdlü Orxan İbrahim oğlu Əlirzayevlə birlikdə qabaqcadan əlbir olub qrup halında törətdiklərini bildirib.
Masallı RPŞ-nin istintaq bölməsinin rəisi Elçin Fərəcov deyib ki, qapını sındırmaqla oradan umumi dəyəri 4949 manat olan müxtəlif markalı mobil telefonlar kompyuter və fotoaparatları gizli yolla oğurlanıb.
Mağazadan oğurlanan əşyalar maddi sübut kimi götürülərək istintaq materiallarına əlavə olunub. Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.