Lənkəranda 4 uşaq atasının meyiti tapıldı
Lənkəran şəhərində, Peşə Liseyinin yaxınlığında naməlum kişi meyiti aşkarlanıb. Dərhal hadisə yerinə hüquq- mühafizə orqanlarının əməkdaşları cəlb olunub. APA TV-nin xəbərinə görə, araşdırma nəticəsində məlum olub ki, meyiti tapılan şəxs, Lənkəran şəhər sakini, 54 yaşlı İlham Algül oğlu İbrahimovdur. Onun yanında şpris də aşkarlanıb. Meyitin üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib. Meyit daxili və xarici müayinə olunmaq üçün Məhkəmə - Tibbi ekspertiza və Patoloji anatomiya birliyinin Lənkəran şəhər şöbəsinə aparılıb. Ölümün dəqiq səbəbləri ekspertizadan sonra açıqlanacaq. Qeyd edək ki, Lənkəran şəhərinin Hacı Zeynalabdin Tağıyev küçəsi 105 ünvanında yaşayan mərhum İlham İbrahimovun 4 uşaq atası olduğu bildirilir.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırmalar aparılır.