İçəri Şəhərdə Beynəlxalq Novruz Festivalı keçiriləcək
Novruz bayramı bu il də İçəri Şəhərdə təntənəli şəkildə qeyd olunacaq. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi mart ayının 20-dən 23-nə kimi I Beynəlxalq Novruz Festivalının keçirilməsini nəzərdə tutub. Keçən illərdən fərqli olaraq, bu il Novruz Bayramı şənliklərində Azərbaycanla yanaşı bu bayramı qeyd edən səkkiz ölkənin Türkiyə, Rusiya, İran, Hindistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan nümayəndələri də iştirak edəcəklər. Festival günlərində Qoşa Qala Qapısı meydanında “Meydan Bazarı” təşkil olunacaq. Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi “Meydan Bazarında” hər bir ölkənin mədəniyyətini əks etdirən video-filmlər, milli-tətbiqi sənət məhsulları və suvenirlər sərgilənəcək. Bununla yanaşı, Festival çərçivəsində hər gün Qız Qalası meydanında pantomima ustaları, Əliağa Vahid meydanında isə “Muğam üçlüyü” çıxış edəcək. Bayram tədbirləri çərçivəsində İçəri Şəhərlə yanaşı 20-21 mart tarixlərində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da “Nağıl şəhərciyi” adlı Novruz şənliyi keçiriləcək. “Qala” Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar olaraq, martın 20-21-də İçəri Şəhərdən, Qoşa Qala Qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.