Heydər Əsədov: "Yarmarkalarının təşkilinə dövlət vəsaiti ayrılmayıb"
"Bakıda kənd təsərrüfatı məhsulları yarmarkalarının təşkili üçün dövlət vəsaiti ayrılmayıb".
APA TV-nin xəbərinə görə, bunu paytaxtda təşkil edilən kənd təsərrüfatı yarmarkasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. Onun sözlərinə görə, nazirlik investorlarla mütəmadi iş aparır. Bunun sayəsində artıq əhaliyə kənd təsərrüfatı məhsulları yarmarkasını və müasir xidməti təşkil edilməsinə nail olunub: “Biz artıq çox da rentabelli olmayan bu sahəyə vəsait cəlb edə bilmişik. Bu gün Bakı şəhərinin 4 yerində belə qapalı şəraitdə 5 günlük yarmarkalar təşkil edə bildik. Əgər bu yarmarkalarda və digər satış yerlərində rəqabət mühiti yaranmasa, bu gün bazarlarda qiymət başqa cür olardı”.
Nazir deyib ki, qurum bazarlarda rəqabət mühiti yaradıb, süni qiymət artımını qarşısını alır: “Bunun nəticəsindəheç bir qiymət artımı yoxdur, əksinə, qiymətin azalması müşahidə olunur. Kənd təsərrüfatı məhsullarının istehsal qiymətindən və maya dəyərindən aşağı salınması, məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. Buna görə də biz burada yalnız alıcının maraqlarını deyil, həm də istehsalçının maraqlarını müdafiə edirik. Optimal nöqtə tapmalıyıq. Bu optimal nöqtəyə nail olunub”.
Yarmarkada yerli məhsul satan fermerlərin pulsuz yerlərlə təmin olunduğunu deyən Heydər Əsədov onu da bildirib ki, satışa dünya praktikasında belə bir göstərici müşahidə edilməyib. Bu addım ilkin mərhələdə fermerləri həvəsləndirmək üçün atılıb.
Yarmarkaları 5 gün fəaliyyət göstərəcək.