Neft şirkətində faciə: YÜKÜN ALTINDA QALAN FƏHLƏ ÖLÜB
“Qarasu Oil” əməliyyat şirkətində qaldırıcı kranın yükü fəhlənin başına düşüb, fəhlə ölüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, şirkətin elektrik çilingəri vəzifəsində işləyən Şirvan şəhəri sakini, 39 yaşlı Oleq Ağayev Siyasətoviçin başına yük qaldıran kranının qarmağında olan yük düşüb. Nəticədə Oleq Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İş yoldaşlarının dediyinə görə, fəhlə şirkətin 513 saylı quyusunda elektrik işlərini yerinə yetirirmiş. Elə hadisə də bu zaman baş verib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Şirkət rəhbərliyindən baş verən hadisəyə münasibət bildirmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün Şirvan şəhər morquna aparılıb. Morqdan verilən məlumata görə, mərhum fəhlə baş nahiyəsindən aldığı xəsarətlərdən keçinib.
Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.