Bakıda mənzilə SİLAHLI BASQIN EDƏN MASKALILAR YAXALANDI
Martın 4-də Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində yaşayan Elmira Məmmədovanın evinə soxulub, onu odlu və soyuq silahla hədələyərək 16 min manat pulunu aparanlar həbs olunublar. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Salyan Rayon Polis Şöbəsi, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Salyan şəhər sakini Rauf Rəhimov, Balakən rayon sakini Təvəkkül Seyidov, Lənkəran şəhər sakini Rauf Mahmudov, Bakı şəhər sakinləri Tacəddin Qafarov, Kənan Alıyev və Tural Əsgərov tutulublar. Qeyd edək ki, dəstə üzvləri Salyan rayonu Qaraçala kənd sakini əvvəllər məhkum olunmuş Aydın Xəlilovun sifarişlə qətlə yetirməkdə və digər anoloji ağır cınayətləri törətməkdə təqsirli bilinirlər.
APA TV-nin xəbərinə görə, DİN yaydığı məlumatda A.Xəlilovun qətlini rayon sakini Şahin Niftəliyevin sifariş etdiyi bildirilir. Məlumatda qətli əvvəllər məhkum olunmuş Fuad Rəhimov, Tacəddin Qafarov, Təvəkkül Seyidovun törətdiyi qeyd olunub.
Hadisənin digər iştirakçılarının tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.