Borcunu ödəməyənlərin qazı kəsildi
Şirvan şəhər Qaz İstismarı İdarəsinin əməkdaşları qaz pulunu ödəməyən abunəçilərə qarşı reyd keçirib. APA TV-nin xəbərinə görə, reyddə Şirvan qaz istismar sahəsinin bütün əməkdaşları iştirak edib. Bildirilib ki, Şirvan şəhərində daha çox əhalinin yüksək gəlirli təbəqəsi qaz pulunu vaxtı-vaxtında ödəmədikləri üçün idarənin əməkdaşları həmin abonentlərə bildirişlər təqdim edib.
Baş mühəndis Akif Şükürov deyib ki, Şirvan qaz istismar idarəsi üzrə abonentlər mavi yanacaqla tam təmin olunurlar: "Buna baxmayaraq, bəzi imkanlılar cüzi bir hissəsini ödəyirlər. Bu da borcun yaranmasına gətirib çıxarır. Biz də məcbur olub qazın istismarını dayandırırq".
Reyd zamanı 200 manatdan 750, 960 hətta daha çox miqdarda borcu olan abonentlər ortaya çıxıb. Borclu olan abonentlərə qaz verilişi dayandırılıb.
Abonentlərə borclarını ödəmələri üçün müəyyən müddətə qədər vaxt verilib. Bildirilib ki, borclar ödənilmədiyi təqdirdə abonentlər məhkəməyə veriləcək.