Mikayıl Cabbarov: “Ali təhsil sistemində yeniliklər olacaq”
“Ali məktəblərin bəzi ixtisaslarında təhsil alan tələbələrə xüsusi təqaüdlər veriləcək. Yeni tədris ilindən başlayaraq, Təhsil Nazirliyi Azərbaycanın ali təhsil sistemində bəzi yeniliklərə imza atacaq. Bundan əlavə cəmiyyətdə “qeyri-prestij”li kimi qəbul olunan peşələrə yüksək ballı tələbələrin cəlb edilməsi üçün xüsusi stimullaşdırma proqramları həyata keçiriləcək”.
Bunu APA-ya təhsil naziri Mikayıl Cabbarovdeyib. O bildirib ki, nazirlik olaraq, bu gün müəllimlik peşəsinə gələn insanların bilik səviyyəsi onları qane etmir. Öıkədə müəllim olmaq istəyənlər abituriyentlərin ən yüksək nəticə göstərən 10-15%-dən deyil, daha aşağı nəticə göstərənlər arasından seçilir: “600-dən yuxarı balla pedaqoji ali təhsil müəssisələrinə gələn tələbələrin sayı çox azdır. Ona görə də birinci müəllim peşəsinə məhz belə istedadların və gənclərin cəlb edilməsi üçün konkret addımlar atmalıyıq. Növbəti tədris ilindən yüksək balla müəllim peşələrini seçən, şüurlu şəkildə müəllim peşəsinə gələn və öz həyatını gələcəkdə təhsil sistemi ilə bağlamaq, gələcək vətəndaşların formalaşmasına töhfə vermək istəyən istedadlı gənclərə xüsusi müavinətlər, imtiyazlar, daha yüksək təqaüdlərin ödənilməsi sistemi tətbiq ediləcək" .
Mikatıl Cabbarov qeyd edib ki, bu təcrübə yalnız müəllim peşəsini əhatə etməyəcək, həmçinin dövlətin tələbləri üçün zəruri, insan kapitalının formalaşması üçün çox əhəmiyyətli olan, lakin bu və yaxud digər səbəbə görə bu gün yüksək ballı abituriyentlər arasında prestijli hesab olunmayan bir sıra digər sahələrə də tətbiq ediləcək. Belə ki, bunlara aqrar sahə, mühəndislik, dəqiq elmlər və bu kimi cəmiyyətdə “qeyri-prestij”li kimi qəbul olunan peşələr daxildir. Növbəti akademik ildən başlayaraq yeniliklər tətbiq olunması nəzərdə tutlur.